Bakı. Trend:
24 avqust 2025-ci il tarixində Türkiyənin Ankara şəhərində keçirilən GranFondo Başkənt velosiped yarışında Gənc Peşəkar Velosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek möhtəşəm uğura imza ataraq absolut qalib olub.
Trend xəbər verir ki, bu nəticə ilə o, Azərbaycan velosiped tarixində ilk dəfə olaraq beynəlxalq GranFondo yarışında birincilik qazanan qadın idmançı kimi tarix yazıb.
Gənc Peşəkar Velosipedçilər İctimai Birliyi, 22 avqust 2025-ci ildə 4 nəfərlik heyətlə Ankaraya yola düşüb. Heyət belə idi:
• Məşqçi: Musa Mikayılzadə
• İdmançılar: Vüqar Salahov, Natalya Vallek, Gholamreza Jamfarsadi
24 avqust tarixində keçirilən 91 km-lik GranFondo Capital (Başkent) yarışı olduqca ağır şəraitdə baş tutub. İdmançılar 1300 metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə çatmalı idilər. Çətin mübarizə nəticəsində Natalya Vallek bütün rəqiblərini geridə qoyaraq qadınlar arasında absolut birinciliyi qazanıb. O, həmçinin öz yaş kateqoriyasında da 1-ci yerin sahibi olub.
Digər idmançılarımız da uğurlu nəticələr göstərdilər:
• Vüqar Salahov – yaş kateqoriyası (40–44) üzrə 12-ci yer
• Gholamreza Jamfarsadi – yaş kateqoriyası (55+) üzrə 6-cı yer
Yarışda ümumilikdə 1000-ə yaxın velosipedçi iştirak edib.