Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plus” formatında keçirilən Zirvə toplantısında iştirakı, eləcə də Çində xarici hərbi müdaxilənin və faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş möhtəşəm tədbirlərdə və hərbi paradda iştirak etməsi, Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunun bariz göstəricisidir. Bu həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqi kimi qiymətləndirilir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Çin arasında əlaqələr qədim tarixə söykənir. Onun sözlərinə görə, hələ qədim İpək Yolu dövründən əsası qoyulan münasibətlər bu gün də dinamik inkişaf edir və müxtəlif sahələri əhatə edən geniş strteji tərəfdaşlıq münasibətlərinə çevrilib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev hər zaman dünya siyasətində və iqtisadiyyatında xüsusi çəkiyə malik olan Çin ilə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verib.
“Bu gün Çin beynəlxalq münasibətlər sistemində aparıcı rol oynayan dövlətlərdəndir. Onun siyasi, iqtisadi və texnoloji gücü qlobal miqyasda təsirini getdikcə artırır. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, strateji coğrafi mövqeyi, tranzit və logistika imkanları, eləcə də geniş investisiya mühiti ölkəmizi Çin üçün daha da cəlbedici edir. Məhz buna görə Çin də Azərbaycanla münasibətlərin genişlənməsinə böyük maraq göstərir. Bu əməkdaşlıq qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır”, – deyə deputat vurğulayıb.
A.Həsənovanın fikrincə, dövlət başçısının Çinə səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına təkan verəcək:
“Bununla yanaşı, Azərbaycanın ŞƏT Sammitində iştirakı və Prezident İlham Əliyevin burada digər dövlət başçıları ilə keçirdiyi görüşlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Bu səfər Azərbaycanın beynəlxalq proseslərdə fəal mövqeyini daha da gücləndirəcək və ölkəmizin qlobal əməkdaşlıqda etibarlı tərəfdaş imicini möhkəmləndirəcək”.