Bakı. Trend:
1995-ci ildə Azərbaycanda yaradılan Trend müstəqil informasiya agentliyi Respublikamızın aparıcı informasiya agentliyi olmaqla bərabər, Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada geniş oxucu kütləsini əhatə edir.
Trend xəbər verir ki, bu fikirlər Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun Trend İnformasiya Agentliyinin 30 illik yubileyi münasibətilə təbrik məktubunda yer alıb.
Məktubda bildirilib ki, Azərbaycanın azad və demokratik media məkanında xüsusi yeri olan Trend öz dəqiqliyi, qərəzsiz informasiya mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini tutur:
“Azad media məkanında çoxsaylı informasiya agentlikləri və portalları içində seçilmək və nüfuz qazanmaq çətin fəaliyyətin nəticəsidir”.
Vurğukanıb ki, agentliyin əhatə dairəsi yalnız ölkə ərazisi ilə məhdudlaşmır.
“Agentliyin əməkdaşları Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində fəaliyyət göstərir, müxtəlif ictimai-siyasi, mədəni, idman sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən məqalələri, araşdırmaları ilə də çoxsaylı oxucuların qonağı olur.
Hər bir informasiya agentliyi kimi, Trend də etibarlılıq prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları qarşısında yüksək imicə sahib olmağı bacarıb.
Respublika Veteranlar Təşkilatı adından bir daha sizi təbrik edir, sizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə təbrik məktubunda qeyd edilib.