Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Tətbiqi etnosiyasi tədqiqatlar institutunun direktoru, qazaxıstanlı politoloq Talqat Kaliyev agentliklə əməkdaşlıq və Trend-in fəaliyyəti ilə bağlı öz təəsüratlarını bölüşüb.
“Qazaxıstanda qardaş ölkə, bizim ən yaxın tərəfdaş və müttəfiq olan Azərbaycandakı hadisələri diqqətlə izləyirlər . Məhz bu səbəbdən Trend BİA bizim üçün istər Azərbaycanda, istərsə də bütövlükdə regionda gedən proseslərlə bağlı ən vacib və ən nüfuzlu məlumat mənbəyi hesab olunur. Bu gün bir çox qazaxıstanlılar üçün Trend əsas informasiya mənbələrindən birinə çevrilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, Trend-in müxbirləri tərəfindən hazırlanan analitik materiallar regionun iqtisadi vəziyyəti ilə bağlı təsəvvürün formalaşmasında müstəsna rol oynayır.
“İstənilən investor yeni bazara çıxmazdan əvvəl ölkədəki vəziyyəti diqqətlə öyrənməyə çalışır: siyasi durumu, həyata keçirilən islahatları, iqtisadi meyilləri. Bu kontekstdə Trend-in təqdim etdiyi keyfiyyətli analitika xüsusi rol oynayır. Elə təsadüfi deyil ki, internetdə Azərbaycan haqqında məlumat axtarışında Trend-in materialları aparıcı mövqelər tutur”, – deyə Kaliyev söyləyib.
Politoloq vurğulayıb ki, Trend İnformasiya Agentliyinin dərc etdiyi materiallar bütün dünyada tələbat görür və mühüm rol oynayır.
“İnformasiya bolluğu şəraitində eksklüzivliyin dəyəri dəfələrlə artır. Trend jurnalistlərinin əsas beynəlxalq meydanlarda fəaliyyət göstərməsi isə analizin üfüqlərini əhəmiyyətli dərəcədə genişləndirməyə və geniş spektrli amilləri nəzərə almağa imkan verir. Bütün bunlar onların materiallarına xüsusi dərinlik və yüksək keyfiyyət bəxş edir”, – deyə o əlavə edib.