Bakı. Trend:
Minlərlə avstraliyalı bazar günü ölkə boyu immiqrasiyaya etiraz məqsədilə küçələrə çıxıb. “Avstraliya üçün mart” adlı mitinqlər Sidney, Melburn və digər böyük şəhərlərdə keçirilib.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aksiyalara bir sıra müxalifət siyasətçiləri, o cümlədən One Nation senatoru Polin Hanson və federal deputat Bob Katter də qoşulub. Hökumət isə mitinqləri ifrat sağçılarla əlaqələndirərək “nifrət yaymaq” kimi pisləyib.
Avstraliyanın ABC telekanalının məlumatına görə, Sidneydəki mitinqə 8 minədək insan toplaşıb. Polis yüzlərlə əməkdaşını şəhər üzrə yerləşdirsə də, “əhəmiyyətli insident” qeydə alınmayıb.
Adelaidada isə polis yürüşlərdə və əks-yürüşlərdə ümumilikdə 15 min insanın iştirak etdiyini açıqlayıb. Yerli media izdihamın “ümumiyyətlə yaxşı davrandığını” bildirib.
Xatırladaq ki, bu həftənin əvvəlində hökumət “Avstraliyada hər cür nifrətə yer olmadığını” bəyan edərək mitinqlərə qarşı çıxmışdı.