Bakı. Trend:
2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.
Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.
Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin yaranmasından 30 il ötür:
“Trend” 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. Həmin vaxtdan etibarən keçilən 30 illik yol nəticəsində bu gün “Trend” Beynəlxalq İnformasiya Agentliyi müstəqil Azərbaycanın media sektorunda liderlər sırasında qərarlaşıb. Azərbaycan milli mətbuatının yaranmasından 150 illiyinin qeyd olunduğu ildə 30 yaşını qeyd edən Agentlik ötən illər ərzində şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin məlumatları Azərbaycan, rus, ingilis, türk və fars dillərində yayımlanır. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işini beynəlxalq tələblərə uyğun qurub. “Trend” dünyanın aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq edir, agentliyin xəbərləri dünyanın informasiya resurslarında da yayımlanır.
“Trend” ölkədən və regionda baş verən hadisələrə diqqət ayırmaqla milyonlarla oxucusuna müxtəlif sahələr üzrə operativ xəbərlər təqdim edir. Xəbərləri ilə dünya auditoriyasını əhatə edən İnformasiya Agentliyi 30 illik fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. "Trend" 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. “Trend” “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə “Trend”i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.
Ötən 30 ildə əldə edilən uğurlar böyük məsuliyyət, peşəkarlıq, inam və etimadın vəhdətindən yaranıb. Media orqanı öz işini müasir inkişaf tendensiyalarına, rəqəmsal texnologiyalara, beynəlxalq standartlara uyğun quraraq peşəkar komanda ilə operativ, qərəzsiz xəbərlər təqdim edir. Agentlik müasir texnologiyaların tətbiqi nəticəsində qlobal informasiya məkanına inamla daxil olaraq, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilib. Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqla həyata keçirilir. İnformasiya şəffaflığı, milli maraqların qorunması “Trend” Beynəlxalq İnformasiya Agentliyinin fəaliyyətində hər zaman prioritetdir.
“Trend” Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına yaratdığı şəraitdən uğurla yararlanaraq xarici və daxili informasiya məkanında möhkəmlənib. Operativ, dəqiq, qərəzsiz informasiyaları, analitik yazıları ilə media məkanında özünəməxsus yeri və rolu olan, liderlər sırasındakı mövqeyini hər zaman qoruyub saxlayan “Trend” Beynəlxalq İnformasiya Agentliyi gələcəyə doğru böyük inamla addımlayır.
“Trend”də çalısan həmkarlarımı 30 illik yubileyləri münasibətilə təbrik edir, peşəkar və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıram".