Bakı. Trend:
Almaniya Kansleri Fridrix Mertsin ofisi siyasətçinin kosmetik prosedurlara üç ay ərzində 12 500 avro xərclədiyini təsdiqləyib.
Trend xəbər verir ki, kanslerin xarici görünüşünə maraq ABŞ Prezidenti Donald Trampın Avropa siyasətçiləri ilə görüşündən sonra artıb. Tramp Mertsin xarici görünüşünü tərifləyərək “Harada belə qaralmısan? Mən də istəyirəm” – deyə bildirib.
ABŞ prezidentinin bu açıqlaması Almaniyada birmənalı qarşılanmayıb. “Almaniya üçün Alternativ” partiyası dərhal parlamentə sorğu göndərərək bu xərclərin vergi ödəyicilərinə nə qədər başa gəldiyini öyrənmək istəyib. Sorğu nəticəsində məlum olub ki, ilk üç ayda kansler bərbər və makiyaj xidmətlərinə 12 500 avro xərcləyib.