...

Çin–Azərbaycan münasibətləri yeni zirvədə: siyasət və iqtisadiyyatın kəsişməsi

Siyasət Materials 1 Sentyabr 2025 11:56 (UTC +04:00)
Çin–Azərbaycan münasibətləri yeni zirvədə: siyasət və iqtisadiyyatın kəsişməsi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər ölkələrin çoxşaxəli xarici siyasət yürütməsini vacib hala gətirmişdir. Bu baxımdan, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi və iqtisadi əlaqələrin intensivləşməsi diqqətəlayiqdir. İki ölkə arasındakı münasibətlər təkcə ikitərəfli çərçivədə deyil, həm də qlobal və regional layihələr – xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kontekstində strateji əhəmiyyət kəsb edir.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

O bildirib ki, Azərbaycan və Çin arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulub.

"Bu müddət ərzində tərəflər arasında siyasi etimad və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb. Çin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyib, Azərbaycan isə Çinin “Bir Çin” prinsipini tanıyıb və bu məsələdə beynəlxalq tribunalarda dəstək göstərib."

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyev Çinə səfərlər etmiş, bu görüşlərdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün yeni mexanizmlər formalaşdırılmışdır.

"2024-cü ildə iki ölkə arasında münasibətlər “Əhatəli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldilmişdir. Çin lideri Si Cinpin 2025-ci ilin sentyabrında Tiencin şəhərində keçirilən “ŞƏT plyus” sammitində Azərbaycanın təşkilata tam üzv olmasına dəstək verdiyini bəyan etmişdir.

Azərbaycan və Çin BMT, CICA, Qoşulmama Hərəkatı və ŞƏT kimi beynəlxalq və regional təşkilatlarda bir-birinin təşəbbüslərini dəstəkləyirlər. Xüsusilə, Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi və Çinin iqlim təşəbbüslərinə dəstək verməsi qarşılıqlı maraq dairəsinin genişlənməsini göstərir."

Politoloq bildirib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

"2023-cü ilin sonuna ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları təşkil etmişdir. Azərbaycanın ixracı əsasən xam neft, kimyəvi məhsullar və kənd təsərrüfatı malları ilə təmsil olunur. Çin isə Azərbaycana maşın, elektronika, tikinti materialları və istehlak malları ixrac edir."

Çin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə aktiv fəaliyyət göstərir:

A.Qarayev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı vasitəsilə Çin–Avropa yükdaşımalarının artırılması əsas hədəflərdəndir.

"Bərpa olunan enerji sahəsində Çin şirkətlərinin marağı artmaqdadır. Bundan başqa 2025-ci ildə imzalanan sazişlərlə süni intellekt, rəqəmsal iqtisadiyyat və informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişlənmişdir.Azərbaycan “Bir Kəmər, Bir Yol” təşəbbüsünün mühüm halqasıdır. Orta Dəhliz adlandırılan Transxəzər marşrutu Çin üçün Rusiyadan yan keçən təhlükəsiz və sürətli alternativ logistika yoludur. Azərbaycan bu dəhlizdə həm infrastruktur (BTK, Ələt), həm də siyasi stabil mövqeyi ilə strateji rol oynayır."

A.Qarayev qeyd edib ki, Azərbaycan–Çin siyasi və iqtisadi əlaqələri qarşılıqlı hörmət, strateji baxış və ortaq maraqlar üzərində qurulmuşdur.

"Son illər ərzində bu münasibətlər təkcə iki ölkə arasında deyil, həm də Avrasiya məkanında yeni geoiqtisadi modelin formalaşmasında rol oynayır. Azərbaycanın tranzit ölkə statusu, enerji və texnologiya sahəsində potensialı, eləcə də Çinin qlobal təşəbbüslərində iştirakı bu əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.

Əldə olunan nailiyyətlər və gələcək perspektivlər göstərir ki, Azərbaycan–Çin münasibətləri təkcə ikitərəfli deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq üçün nümunəvi modelə çevrilməkdədir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti