Bakı. Trend:
Səhər yeməyini buraxmaq və ya gecə gec nahar etmək vərdişi osteoporoz və onunla bağlı sınıqların inkişaf ehtimalını artıra bilər.
Trend xəbər verir ki, belə bir nəticəyə Nara Tibb Universitetinin (Yaponiya) tədqiqatçıları 927 min yetkin insanın məlumatlarını təhlil edərək gəliblər.
Araşdırmanın nəticələri “Journal of the Endocrine Society” jurnalında dərc olunub.
Osteoporoz — sümüklərin kövrək və asanlıqla sınan vəziyyətə düşdüyü xroniki xəstəlikdir.
Adətən, risk faktorları kimi aşağı fiziki aktivlik, siqaret çəkmə və alkoqoldan sui-istifadə göstərilir. Lakin yeni araşdırma göstərir ki, qidalanma rejiminin pozulması da sümük toxumasının zəifləməsi ilə əlaqəlidir.
Alimlər qeyd edirlər ki, səhər yeməyinin buraxılması və gec nahar etmək çox vaxt başqa zərərli vərdişlərlə — hərəkətsiz həyat tərzi, siqaret çəkmə və yuxu çatışmazlığı ilə müşayiət olunurdu. Bütün bunlar birlikdə bud, ön qol, onurğa və çiyin nahiyəsində sınıqların ehtimalını artırırdı.
Müəlliflər vurğulayırlar ki, osteoporozun profilaktikası üçün yalnız kalsium və digər faydalı maddələrlə zəngin qidalar qəbul etmək kifayət deyil, həm də sağlam gündəlik rejimə və qidalanma vərdişlərinə əməl etmək vacibdir. Belə kompleks yanaşma sümüklərin möhkəmliyini qorumağa və yaşla bağlı zədələnmə riskini azaltmağa kömək edə bilər.