...

Zəfər muzeyinin yaradılması üzrə işlər davam edir (VİDEO)

Siyasət Materials 1 Sentyabr 2025 12:37 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Zəfər muzeyinin tərtibat işləri aparılır. Muzeyin şanlı Zəfərimizin 5-ci ildönümündə açılışı nəzərdə tutulub.

Trend xəbər verir ki, Zəfər muzeyi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış dizayn-konsepsiyaya əsasən formalaşdırılır.

Muzeydə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində bölgənin inkişafı və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasətə dair materiallar əks olunacaq. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanacaq. Muzey ekspozisiyaları müxtəlif interaktiv təqdimatlarla müşayiət olunaraq ziyarətçilərə əyani və təsirli şəkildə təqdim ediləcək.

Muzeyin konsepsiyası, burada yaradılacaq bölmələr, həmçinin 44 günlük Vətən müharibəsindəki bəzi strateji əhəmiyyətli hərbi əməliyyatların interaktiv təqdimatı ziyarətçilərə Qarabağın tarixi, münaqişənin ilk günündən başlayaraq Zəfərlə nəticələnən şanlı yol barədə dolğun təsəvvür formalaşdıracaq və bu tarixi prosesləri yenidən yaşamağa imkan verəcək.

Muzeydə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, bölgənin sürətli dirçəlişini əks etdirən xüsusi bölmə də təqdim olunacaq.

Qeyd edək ki, Prezidentin Sərəncamına əsasən 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışı olub. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissəsində 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Eyni zamanda şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi inşa olunub.

Xəbər lenti

Xəbər lenti