Bakı. Trend:
İran Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələr arasında birgə rəqəmsal infrastrukturların yaradılmasını təklif edir.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Çində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının 25-ci sammitində deyib.
Onun sözlərinə görə, bu çərçivədə sürətli və təhlükəsiz şəkildə ödənişlər üçün üzv ölkələrin mərkəzi bankları kripto-valyutalardan istifadə edə bilərlər.
Pezeşkian bildirib ki, İran həmçinin üzv ölkələr arasında ödəmələrin milli valyutalarla həyata keçirilməsini və ABŞ dollarından asılılığın azaldılmasını dəstəkləyir.
İran prezidenti deyib ki, İran likvidlik problemi olan və yaxud sanksiya təzyiqi ilə üzləşən ölkələrə dəstək məqsədilə çoxtərəfli valyuta fondunun yaradılmasını təklif edir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədilə 31 avqustda Çinə səfər edib.