Bakı. Trend:
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Ermənistan və Azərbaycanın birgə müraciətindən sonra Minsk qrupu və onunla bağlı strukturların bağlanmasına dair Nazirlər Şurasının qərarını alqışlayıblar.
“Bir daha Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, həmçinin bu razılaşmaların təcili icrasına dair verdikləri qətiyyətli qərara görə ürəkdən təbrik etmək istərdim. Mən onların Birgə Müraciətinə dərhal cavab verdim və prosesdə göstərdikləri əla əməkdaşlığa görə tərəflərə səmimi minnətdarlığımı bildirirəm. Həmçinin konsensusun əldə olunmasında göstərdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də təqdir etmək istərdim”, – deyə nazir Valtonen bildirib.
Eyni zamanda baş katib Sinirlioğlu bu məsələdə tərəflərin ortaq məxrəcə gəlməsini təqdir edib.
“Bu, onilliklər davam edən münaqişə və etimadsızlıqdan sonra belə, diplomatiyanın nəyə nail ola biləcəyini göstərən tarixi hadisədir. Bu, tərəflər arasında ortaq məxrəcə gəlmək üçün ortaq iradə olduqda razılaşmanın mümkün olduğunu nümayiş etdirir”, – deyə Baş katib Sinirlioğlu vurğulayıb.
ATƏT-in fəaliyyətdə olan sədri və Baş katib regionda, o cümlədən Ermənistan və Azərbaycanda davamlı sülh və sabitliyin təmininə yönəlmiş səylərə dəstəklərini dəyişməz olaraq davam etdirəcəklərini təsdiqləyiblər.