Bakı. Trend:
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Pazarcik, Haskovo, Veliko-Tarnovo, Dobriç, Kırcali vilayətlərində yüksək patogen quş qripi xəstəliyi, Avstriya ərazisində isə qeydə alınmış iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, həmin ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.