Bakı. Trend:
Qlobal istiləşmə fonunda, dünyanın ən böyük aysberqi olan A23a yay mövsümündə təqribən min kvadrat kilometr ərazisini itirib və üç nəhəng fraqmentə parçalanıb – onların ölçüləri 60-300 kvadratkilometr arasında dəyişir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Antarktika qışı ərzində aysberq öz kütləsinin üçdə birindən çoxunu itirib: iyun ayında A23a-nın sahəsi 2730 kvadratkilometr idi, indi isə bu göstərici 1750 kvadrat kilometrədək azalıb.
Hazırda nəhəng aysberq Cənubi Corciya adasının şimalında cəmi 70 kilometr məsafədə üzür. Son aylar ərzində o, dəniz axınlarının təsiri ilə adanın ətrafını dolanaraq təxminən 930 kilometr yol qət edib.
Qeyd edək ki, A23a 1986-cı ildə Filxner şelf buzlağından qopmuşdu. Yarandığı anda onun sahəsi 4170 kvadratkilometrdən çox idi.