Bakı. Trend:
Trend İnformasiya Agentliyi Mətbuat Şurasının diplom və təşəkkürnamələləri ilə təltif edilib.
Tədbirdə Mətbuat Şurasının sədri, agentliyin baş direktorunun müavinləri, xəbər xidmətlərinin rəhbərləri, əməkdaşlar iştirak ediblər.
Mətbuat Şurasının sədri Rəşad Məcid media qurumunun ölkə jurnalistikasının inkişafında, informasiya təhlükəsizliyinin təminində və peşəkarlıq prinsiplərinin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Trend-in fəaliyyəti həm milli media mühitinin zənginləşməsinə, həm də Azərbaycanın dünyada obyektiv şəkildə təmsil olunmasına mühüm töhfə verib.
Rəşad Məcid əlavə edib ki, agentliyin peşəkar komandası yeni media çağırışlarına çevik uyğunlaşaraq, informasiya bazarında etibarlılıq nümunəsi ortaya qoyub. Onun sözlərinə görə, bu uğurlar gələcəkdə də Azərbaycan mediasının inkişafına töhfə verəcək mühüm təcrübədir.
Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova yubiley tədbirində çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə medianın inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub.
"Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq Azərbaycan jurnalistikasında müxtəlif adlar altında fəaliyyət göstərən redaksiyaların inkişafı üçün lazım olan mühit yaradılıb. Bu, həmin media qurumlarının özlərini sərbəst hiss etmələrinə və müstəqil fəaliyyət göstərmələrinə şərait yaradıb, ölkəmizin ümumi inkişafına töhfə vermələri ilə nəticələnib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media sahəsinə göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan mətbuatı müasir inkişaf yolu ilə gedir və biz hər zaman bu diqqət qayğıya ya görə dövlətimizə minnətdarlığımızı ifadə edirik", - deyə o vurğulayıb.
S.Mikayılova daha sonra bildirib ki, Trend 30 il ərzində informasiya məkanında etibarlı xəbər mənbəyi kimi cəmiyyətə xidmət göstərib, obyektivliyi və operativliyi ilə oxucuların inamını qazanıb.
Sevil Mikayılova Mətbuat Şurasının göstərdiyi diqqət və dəyərləndirməyə görə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, bu, jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir və gələcək fəaliyyət üçün əlavə stimul yaradır.
Daha sonra Rəşad Məcid Trend İnformasiya Agentliyinə Mətbuat Şurasının diplomunu təqdim edib. Bununla yanaşı, Trend İnformasiya Agentliyinin baş direktorunun müavinləri Sahil Kərimli və Rufiz Hafizoğlu, baş redaktor Emin Əliyev, baş redaktorun müavini Ləman Zeynalova, Azərbaycan xəbərlər xidmətinin rəhbəri Fərid Zöhrabov, İngilis xəbərlər xidmətinin rəhbəri Maryana Əhmədova, texniki direktor Maksim Yermakov, texniki direktorun müavini Anar Əliyev, Mədəniyyət şöbəsinin rəhbəri Vüqar İmanov da fəaliyyətlərində göstərdikləri xidmətlərə görə təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsis olunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarından birinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərində yayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm də beynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldə edib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət və idman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitik materialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm də region üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.