Bakı. Trend:
“Xankəndi” Futbol Klubu yeni mövsüm üçün məşqçi qərarını açıqlayıb.
“Xankəndi” FK-nın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komanda ötən mövsüm “Xankəndi”ni Region Liqasının çempionluğuna daşıyan türkiyəli mütəxəssis İbrahim Uzunca ilə əməkdaşlığını davam etdirəcək.
Bildirilib ki, futbol ictimaiyyətində yaxşı tanınan 63 yaşlı, UEFA PRO kateqoriyasına sahib təcrübəli çalışdırıcı ilə bir illik müqavilə imzalanıb. İbrahim Uzunca TFF 1-ci Liqasında çalışmış və həm Türkiyə, həm də Azərbaycan futbolunda dərin iz qoymuş mütəxəssislərdəndir.
Uzuncanın karyerası ərzində Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo” Bakı klublarında baş məşqçi kimi fəaliyyəti olub. Türkiyədə isə “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” klublarını çalışdırıb.
Məşqçiliyə 1995-ci ildən başlayan Uzunca, 30 ilə yaxın peşəkar təcrübəsi ilə bu gün də futbolun inkişafına töhfə verməkdədir.
Bu müqavilə ilə “Xankəndi” FK İkinci Liqada da uğurlu nəticələr əldə etməyi hədəfləyir.