Bakı. Trend:
2025-ci ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (0.2-6.7 dərəcə), 3 gün isə normadan aşağı (0.5-0.9 dərəcə) olub. Avqust ayının orta aylıq temperaturu 28.4 dərəcə isti olub ki, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir.
Trend xəbər verir ki, bunu Milli
Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, ötən ayda havanın maksimal temperaturu Bakıda
və Abşeron yarımadasında 40 dərəcə, bölgələrdə isə 41 dərəcəyə
qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron
yarımadasında avqustun 23-də 19.9 dərəcə isti (Maştağa), yüksək
dağlıq ərazilərdə isə avqustun 15-də 4.5 dərəcə isti (Şahdağ) qeydə
alınıb.
“Avqust ayının bəzi günlərində dağlıq və dağətəyi rayonlarda
fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan
xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 16 gün yağıntılı hava
şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 303 faizi
olmaqla (Zaqatala 224 mm) Balakən-Şəki zonasına və aylıq normanın
210 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 12.8 mm)
düşüb. Avqustun 7-də Şahdağa, avqustun 13-də isə Kəlbəcər rayonunun
Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb”.
N. Mahmudov qeyd edib ki, avqust ayının bəzi günlərində küləkli
hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 5 sarı
və 1 narıncı xəbərdarlıq verilib. Küləyin maksimal sürəti Bakıda və
Abşeron yarımadasında 27 m/s, bölgələrdə isə 22 m/s-dək olub.