Bakı. Trend:
“IRU Green Compact” nəqliyyat sahəsinin qlobal karbonsuzlaşdırma hədəflərinə nail olması üçün aydın bir yol xəritəsini müəyyənləşdirir və eyni zamanda insanlar, icmalar və biznes üçün nəqliyyat xidmətlərini təmin etməyə davam edir.
Bunu Trend-ə verdiyi özəl müsahibədə IRU baş katibi Umberto de Pretto bildirib.
“TIR sisteminin sərhədlərin kəsişdiyi zonalarda CO2 emissiyalarını 90%-ə qədər ixtisar etməyə imkan verdiyi sübut olunub. “Green Compact IRU” CO2 emissiyalarının ölçülməsi ilə bağlı well-to-wheel (enerji mənbəyindən çarxa kimi) kimi kompleks yanaşmadan istifadə etməklə beş əsas istiqamətdə götürülən ölçüləri tədqiq edir, sistemləşdirir və izləyir. Birinci istiqamət alternativ yanacaq növləridir – elektrik, hidrogen, biodizel, bioqaz və e-yanacaq da daxil olmaqla aşağı və sıfır karbonlu enerji mənbələrinin sürətlə tətbiqi”, – deyə baş katib qeyd edib.
O, səmərəli logistikanın – rəqəmsallaşdırma, avtomatlaşdırma, intellektual marşrut planlaşdırması, ekoloji yük maşınlarının istifadəsi və daşımaların vaxtının optimallaşdırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, enerji baxımından səmərəli nəqliyyata nəqliyyat vasitələrinin materiallarının və konstruksiyasının - təkərlərin, mühərriklərin, sürtgü yağlarının təkmilləşdirilməsi və avtoparkın yenilənməsi daxildir.
“Biz effektiv sürücülərin roluna – o cümlədən, monitorinq, təlim, ixtisasartırma və sertifikatlaşdırma məsələlərinə böyük diqqət ayırırıq. Bundan az əhəmiyyətli olmayan məsələ isə kollektiv mobilliyin inkişafıdır: inteqrasiya olunmuş biletlərin və cədvəllərin tətbiqi, xidmət tezliyinin artırılması, terminalların və infrastrukturun inkişafı, eləcə də dayanıqlı hərəkət formalarının təşviqidir”, – de Pretto bildirib.
O vurğulayıb ki, IRU üzvləri 2050-ci ilə qədər nəqliyyat sektorunda sıfır karbon səviyyəsinə nail olmaq öhdəliyini üzərlərinə götürüblər.
“Lakin müxtəlif ölkə və regionlarda nəqliyyat və enerji vəziyyəti əhəmiyyətli dərəcədə fərqli olur. Bir ölkədə karbon neytrallığına nail olmağa kömək edən həllər başqa ölkə üçün uyğun olmaya bilər. Bu, həm qonşular, həm də müxtəlif qitələrdə yerləşən dövlətlər üçün eyni dərəcədə keçərlidir”, – baş katib əlavə edib.
De Prettonun sözlərinə görə, məhz buna görə də “Green Compact” məlumatların toplanmasında, həllərin sınaqdan keçirilməsində və miqyaslandırılmasında regional çevikliyə əsaslanır. Hazırkı araşdırmalar əsasında dünyanın bütün regionlarında, bütün avtomobil daşımaları növlərində və siyasətin müxtəlif inkişaf səviyyələrində tətbiq edilə biləcək yeni modellər və alətlər hazırlanır.
“Green Compact şirkətlərə və dövlət qurumlarına nəqliyyatın karbonsuzlaşdırılması və dayanıqlı siyasətin planlaşdırılması üçün iki əsas alət təklif edir. Birinci alət – Alternativ Yanacaq və Enerji Səmərəliliyi Modeli (AFEM) – dinamik nəqliyyat vasitəsi hərəkətini təqlid edən modeldir. O, yürüş dövrlərini, sürücü və avtomobil xüsusiyyətlərini nəzərə alaraq hərəkət dinamikasını modelləşdirir. AFEM CO₂ emissiyalarını və enerji istehlakını qiymətləndirməyə imkan verir ki, bu da müxtəlif güc qurğularını və həlləri operativ şəkildə müqayisə etməyə şərait yaradır”, – o deyib.
Baş katibin sözlərinə görə, ikinci alət isə Karbonsuzlaşdırma üzrə Yol Xəritəsi Markeridir (DRM) – avtomobil yükdaşımalarda illik CO₂e emissiyalarını hesablamaq üçün proqram təminatıdır. DRM yük dövriyyəsi haqqında məlumatlardan istifadə edərək müxtəlif tipli yük maşınları, yüklənmə dərəcəsi və hərəkət dövrləri ilə virtual reyslər yaradır. O, logistikanın virtual reyslərə təsirini və texnologiyaların hərəkət fizikasinə təsirini AFEM ilə inteqrasiya hesabına nəzərə alır. Bu alət keçmiş emissiya mexanizmlərini təhlil etməyə və karbonsuzlaşdırma üzrə yol xəritələrini modelləşdirməyə imkan verir.
Onun sözlərinə görə, gələcəkdə bunun daha da mükəmməlləşdirilməsi üçün bir neçə istiqamət mövcuddur. Xüsusilə, hüquqi parçalanmanı aradan qaldırmaq, rəqəmsallaşdırmanı inkişaf etdirmək (bu isə multimodal dəhlizlərdə interoperabelliyin artırılmadan mümkün deyil) və tədarük zəncirlərinin dayanıqlılığını təmin etmək vacibdir.
De Prettonun fikrincə, eyni zamanda Xəzər dənizinə də diqqət yetirmək lazımdır. Onun səviyyəsinin enməsi regionun nəqliyyat sabitliyi üçün narahatedici siqnaldır. Bu, yükdaşımaların həcmlərinə təsir göstərir. Bundan başqa, Xəzər dənizi fırtınalara çox həssasdır ki, bu da obyektiv olaraq RO-RO və RO-PAX xətlərinin potensialını və dayanıqlılığını məhdudlaşdırır.