Bakı. Trend:
Bu ilin avqustunda Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı 2024-cü ilin avqust ayı ilə müqayisədə 60 faiz azalıb.
Trend xəbər verir ki, Federal Daxili İşlər Nazirliyinin məlumatında avqustda ölkədə 7803 nəfərin sığınacaq üçün müraciət etdiyi bildirilib. Ötən ilin avqustunda bu göstərici 18 min 427 nəfər olub.
Federal daxili işlər naziri Aleksander Dobrindt bu nəticəni sərt miqrasiya siyasətinin uğuru kimi dəyərləndirib.
Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) iyulda ilkin sığınacaq müraciətlərinin sayının 8293 olduğunu, keçən ilin iyul ayında bu məqsədlə 18 min 503 nəfərin müraciət etdiyini açıqlamışdı.
Sığınacaq müraciətləri sayının azalması Almaniyanın yeni hökuməti tərəfindən hədəf olaraq müəyyən edilib. Almaniya sərhədlərində nəzarət tədbirləri sığınacaq axtaranların ölkəyə girişini dayandırmaq məqsədi daşıyır.
A.Dobrindt mayın 7-də Almaniyanın qonşu doqquz ölkə ilə sərhədlərində sərtləşdirilmiş nəzarət və geri qaytarma tədbirlərini tətbiq edib. Ancaq uşaqlar və hamilə qadınlar həssas qruplar kimi istisna olaraq nəzərə alınıb. Mayın 8-dən iyulun sonunadək sərhədlərdən 9506 geriqaytarma halı qeydə alınıb.