Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda debet və kredit kartları vasitəsilə 217,419 milyon ədəd əməliyyat üzrə 13,331 milyard manatlıq əməliyyat aparılıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə aparılan əməliyyatların sayı 45,4 milyon ədəd və ya 26,4%, həcmi isə 1,6 milyard manat və yaxud 14,1% artıb.
Dövr ərzində debet kartları ilə 12,525 milyard manat (+14,8%) həcmdə 203,268 milyon ədəd (+28,4%), kredit kartları vasitəsilə isə 806 milyon manat (+4,1%) həcmdə 14,151 milyon ədəd (+3,2%) ödəniş əməliyyatları aparılıb.
Qeyd edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20,913 milyon ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artıb.