Bakı. Trend:
Mən inanıram ki, Cənubi Qafqaz həsrətini çəkdiyi sülhə qovuşacaq. Prezident İlham Əliyevlə keçirdiyim ikitərəfli görüşdə də həmin ümidi gördüm.
Trend xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdan zaman jurnalistlərə verdiyi açıqlamada deyib.
"Ağ Evdəki imzalar, təbii ki, Ermənistan–Azərbaycan normallaşma prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə aradan qaldıraraq son nöqtəyə qədər gəliblər", - o bildirib.
Türkiyə lideri Zəngəzur dəhlizindən də söz açıb.
“Azərbaycan Prezidenti İlham Əliyevlə, ardınca isə Ermənistanın Baş naziri Nikol Paşinyanla geniş müzakirələr apardıq. Həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də hər hansı bir problem və ya fikir ayrılığı yoxdur. İlham Əliyev bu məsələdə daha da qətiyyətlidir. Xüsusilə ABŞ səfərindəki o görüş, o təmas onların atacaqları addımlarda, demək olar ki, həlledici rol oynayıb”, - deyə o vurğulayıb.
Ərdoğan sülhün təmin olunmasının bölgə üçün çox önəmli olduğunu, bunun sayəsində bölgədə quru və dəmir yollarının canlanacağını, bölgə ölkələrinin bundan qazanc əldə edəcəyini diqqətə çatdırıb.