Bakı. Trend:
ABŞ Hindistanı Rusiya neftini ucuz qiymətə almaqda, ondan istehsal edilən yanacağı isə bazar qiymətinə sataraq qazanc əldə etməkdə və bununla Rusiyanın hərbi sənayesini maliyyələşdirməkdə ittiham edir.
Trend-in "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-nin Hindistana qarşı 50% rüsum tətbiqi Rusiya neftini alıcılar üçün daha da ucuzlaşdırıb. Ekspertlər bunu müsbət qiymətləndirərək bildirirlər ki, sanksiyaların əsas məqsədi Rusiyanın mənfəətini azaltmaqdır.
Hazırda "Urals" markalı Rusiya neftinin "Brent"lə müqayisədə endirimi bir barelə görə 3-4 dollara qədər artıb. Omandan ixrac edilən eyni sort neftlə müqayisədə isə Rusiya bir barel üçün 7 dollar endirim təklif edir ki, bu da Hindistanın neftayırma zavodları üçün cəlbedici hesab olunur.
Bundan əlavə, Çin şirkətləri də "Urals" neftinə maraq göstərməyə başlayıblar. Çinin idxalı demək olar ki, 10 dəfə artaraq 50 min barel/sutkadan 420 min barel/sutkaya yüksəlib.