...

İran Azərbaycanla yükdaşıma sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirir - İranlı nazir

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 10:21 (UTC +04:00)
İran Azərbaycanla yükdaşıma sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirir - İranlı nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır.

Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.

İranlı nazir qeyd edib ki, ölkədə Çabahar-Zahidan dəmiryolu xəttinin tikintisi sürətlə davam etdirilir. Bu dəmiryolu xəttinin tezliklə başa çatdırılacağına ümid edilir.

Sadiq deyib ki, İran və İraq arasında Şələmçə-Bəsrə dəmiryolunun tikintisinin gələn ildə başa çatdırılacağı gözlənilir.

Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti