...

Son 1 ildə Respublika Pediatriya Mərkəzində 5 yenidoğulmuşun ölüm faktı qeydə alınıb - TƏBİB

Cəmiyyət Materials 3 Sentyabr 2025 09:49 (UTC +04:00)
Son 1 ildə Respublika Pediatriya Mərkəzində 5 yenidoğulmuşun ölüm faktı qeydə alınıb - TƏBİB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son bir ildə Respublika Pediatriya Mərkəzinin Yenidoğulmuşların reanimasiyası şöbəsində 280-dən çox pasiyentə tibbi xidmət göstərilib.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidənqurulması, yararsız tibb avadanlıqlarının yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Son dövrlərdə bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən yeniliklərdən biri də Respublika Pediatriya Mərkəzi ilə bağlıdır.

Belə ki, 2024-cü ilin sentyabr ayında Mərkəzin Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında fəaliyyətə başlayan Yenidoğulmuşların reanimasiyası şöbəsində qısa zamanda vəziyyəti kritik, ağır və orta ağır qiymətləndirilən 284 yenidoğulmuşa tibbi xidmət göstərilib. Aparılan reanimasiya tədbirləri nəticəsində vəziyyəti ağır və orta ağır qiymətləndirilən 279 yenidoğulmuşun həyatını xilas etmək mümkün olsa da, 5 yenidoğulmuşun ölüm faktı qeydə alınıb.

Müasir standartlara cavab verən 25 çarpayıdan ibarət şöbə 7 küvəz, 1 isidici çarpayı, 1 tunel tipli fototerapiya cihazı, 2 süni ventilyasiya aparatı, eləcə də portativ rentgen və ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş cihazlarla təchiz olunub.

Hazırda şöbədə 6 ixtisaslı həkim, 36 tibb bacısı, 1 baş təsərrüfat bacısı və 12 sanitar çalışır.

Qeyd edək ki, şöbədə əsasən yenidoğulmuşlarda rast gəlinən tənəffüs sistemi xəstəlikləri (respirator distres sindromu, apnoe, mekonium aspirasiyası sindromu, pnevmoniya,), infeksion xəstəliklər (TORCH infeksiyaları, neonatal sepsis, meningit), adaptasiya ilə bağlı problemlər (fizioloji sarılıq, hipoglikemiya, hipotermiya, hipokalsemiya), perinatal travmalar, anadangəlmə və irsi metabolik xəstəliklər, eləcə də vaxtından əvvəl doğulan və az çəkiyə malik körpələrin müalicəsi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti