Bakı. Trend:
Sentyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında 32 il öncə diplomatik münasibətlərin yaradılmasından keçən dövr ərzində ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdırıldığını, hazırda isə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında parlamentlərarası əlaqələrin hazırki səviyyəsi yüksək qiymətləndirilərək, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulanıb. Spiker Sahibə Qafarova İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.
Görüşdə Sahibə Qafarova Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi, İordaniya və Azərbaycan parlamentlərinin beynəlxalq təşkilatlarda əməkdaşlığı barədə fikirlərini bölüşüb, səfirə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu bildirən İordaniyanın ölkəmizdəki səfiri Ömər Barakat Əl-Nahar görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb. Səfir ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı üçün bundan sonra da səylə çalışacağını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.