Bakı. Trend:
Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurdu.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər:
"Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər
olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri
baş verir.
Növbəti belə bir qəza ötən gün axşam saatlarında Nəsimi rayonu,
Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm piyadalara, həm də
sürücülərə müraciət edir:
1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu
keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!
2. “Keçid olmasa da olar deyib, yolu keçməyin”. Piyadalar daha çox
keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada
keçidlərindən keçin!
3. Svetoforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu
keçmək təhlükəlidir!
4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara
yol verməlidirlər. Yolun ən hassas iştirakçılarına qarşı diqqətli
olmalıdırlar.
Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir".