Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə
Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə
direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin
nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə
direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad
Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri
üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Nərmin Hətəmova bakalavr təhsilini Azərbaycan
Dövlət Pedaqoji Universitetində, magistratura təhsilini isə ABŞ-ın
Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin beynəlxalq ikili diplom proqramı üzrə tamamlayıb.
O, 2010-cu ildən etibarən satınalma, logistika və insan resursları
sahələrində müxtəlif təşkilatlarda fəaliyyət göstərib. Qeyd edək
ki, Nərmin Hətəmova bu təyinatadək də Bakı Dövlət Universiteti
nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini
vəzifəsində çalışıb.
Emil Vahabov bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində,
magistratura təhsilini isə Lənkəran Dövlət Universitetində başa
vurub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorantura təhsilini
davam etdirir. Azərbaycanda və xaricdə 20-dən çox elmi məqalənin
müəllifidir. O, 2003–2023-cü illərdə Lənkəran rayonu M. Bağırov
adına Girdəni kənd tam orta məktəbində biologiya və kimya müəllimi
kimi çalışıb, 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi
N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini
icra edib.
Aytən Ağayeva M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda bakalavr təhsili alıb. O, 1999–2005-ci illərdə Qəbələ rayonu Zarağan kənd 1 saylı orta məktəbində rus dili müəllimi kimi fəaliyyət göstərib. 2009–2010-cu illərdə Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib. 2010-cu ildən etibarən UNEC nəzdində Qida Sənayesi Kollecində müxtəlif vəzifələrdə çalışıb, 2017-ci ildən son təyinata qədər isə şöbə müdiri vəzifəsini icra edib.