Bakı. Trend:
Süni intellekt (AI) ilə işləyən məşhur çat-bot “ChatGPT” geniş miqyaslı nasazlıqla üzləşib. Dünyanın müxtəlif yerlərindən çoxsaylı istifadəçilər çat-bota sorğularına cavab ala bilmədiklərini bildirir. Problemlər bu gün (3 sentyabr) , səhər saat 10:45 radələrində başlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
“Downdetector” monitorinq xidmətinin məlumatlarına görə, nasazlıqlarla bağlı şikayətlərin sayı son 24 saat ərzində pik həddinə çatıb və mesajların sayı 1900-ü keçib. Bununla belə, bəzi istifadəçilər üçün funksionallıq qorunub saxlanılıb və xidmət normal rejimdə işləyir.
Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olub. Problemlərin böyük əksəriyyəti (təxminən 96%) çat-botun veb-versiyası ilə bağlıdır, istifadəçilərin yalnız 4%-i mobil tətbiqdə nasazlıqlarla üzləşib.
ChatGPT-nin tərtibatçısı olan “OpenAI” şirkəti nasazlıqların mövcudluğunu təsdiqləyib və onların səbəblərinin aradan qaldırılması üzərində aktiv şəkildə işlədiklərini bildirib.