...

“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq (VİDEO)

Siyasət Materials 3 Sentyabr 2025 15:40 (UTC +04:00)
“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 23-dən 25-dək Bakı və Şamaxıda keçiriləcək III Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı bir sıra özəlliklərlə də yadda qalacaq.

Trend xəbər verir ki, orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinin elmi müzakirələr, müxtəlif mədəni-bədii layihələr vasitəsilə qeyd olunacağı festival həm də tamaşa və balet premyeraları ilə də tamaşaçıları sevindirəcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı baş tutacaq tədbir çərçivəsində keçiriləcək belə premyeralardan biri “Nəsimi dastanı” baletidir.

Festivalda dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri yeni quruluşda təqdim olunacaq. Tanınmış balet artisti, teatr rejissoru və prodüser Andris Liepanın rejissorluğu ilə səhnələşdirilən “Nəsimi dastanı” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Baletin quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik De Banadır.

Hazırda yeni təqdimat üzrə məşqlər gedir.

“Nəsimi dastanı” baletinin təqdimatı Şamaxıdakı Nəsimi Bağları Kompleksində Nəsimi abidəsinin önündə təşkil ediləcək.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimi dastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır. Balet ilk dəfə 23 sentyabr 1973-cü ildə nümayiş olunub. Bu əsər tamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədər sonra, 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti