Bakı. Trend:
Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin və xüsusi təhlükəli infeksiyaların yayılma riskinin olduğu ərazilərdə ciddi sanitariya tədbirləri həyata keçirir. Qanunvericiliyə əsasən, Gigiyena və Epidemiologiya Mərkəzləri epidemiya təhlükəsi olan yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini təşkil edir və bu proseslərə dövlət sanitariya nəzarəti tətbiq edir.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “İnstagram” hesabında keçirilən canlı yayımda nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli məlumat verib.
Onun sözlərinə görə, yaşayış binalarının zirzəmiləri kimi digər yerlərdə, əgər epidemiya və ya infeksiya riski yoxdursa, bu işlər müvafiq lisenziyaya malik fiziki və ya hüquqi şəxslər tərəfindən yerinə yetirilə bilər.
K.Dəmirli həmçinin qeyd edib ki, vətəndaşlar bu məsələ ilə bağlı Mənzil Kommunal və Texniki Xidmət Sahələrinə və ya Mənzil-Kommunal Təsərrüfatına müraciət edə bilərlər:
“Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığını qorumaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə bu cür tədbirləri davam etdirir”.