Bakı. Trend:
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində Azərbaycanın ilk proqramçısı, görkəmli pedaqoq, “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş “R.M. 90” proqramlaşdırma müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev müsabiqənin əhəmiyyətindən bəhs edərək qalibləri təbrik edib.
Mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanovun çıxışı ilə davam edib. Çıxış nitqində o, ICPC yarışlarının ölkəmizə gətirilməsində Ramin Mahmudzadənin əvəzsiz rolunu vurğulayaraq qaliblərin də məhz ICPC dünya finalında təltif olunmasını ruhlandırıcı və gələcək uğurlara təşviqedici bir addım olduğunu qeyd edib.
Daha sonra İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev və Azərbaycan Respublikası Mərkəzi Bankının departament direktoru Əfqan Abbasovun iştirakı ilə “ICPC-dən Rəqəmsal cəmiyyətə” mövzusunda panel müzakirələri ilə keçirilib. Panel sessiyası zamanı texnologiya və rəqəmsal inkişaf, eləcə də Ramin müəllimin tədris etdiyi dərslər zamanı yaddaqalan xatirələr müzakirə edilib.
Panel sessiyasından sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub. İlk yerin qalibləri Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, 2-ci yer üzrə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası və 3-cü yer üzrə qaliblər Bakı Dövlət Universiteti, Marmara Universiteti, Fransa- Azərbaycan Universitetinin tələbələri olublar.
Qeyd edək ki, “R.M 90” proqramlaşdırma müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Dövlət Universiteti, ICPC Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə 8 avqust tarixində Bakı Dövlət Universitetində baş tutmuşdu. Yarışda ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-ə qədər tələbə iştirak edərək 4 saat ərzində xüsusi proqramlaşdırma tapşırıqlarını həll etmişdilər.