...

Burkina Fasoda fransalı QHT rəhbəri casusluqda ittiham olunur

Dünya xəbərləri Materials 3 Sentyabr 2025 19:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Burkina Fasoda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilat INSO-nun ölkə üzrə direktoru, fransız vətəndaşı Jan-Kristof Peqon 2024-cü il iyulun 28-də ölkənin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən casusluq şübhəsi ilə saxlanılıb. O vaxtdan bəri o, naməlum bir yerdə saxlanılır.

Trend xəbər verir ki, INSO təşkilatı, humanitar təşkilatlara təhlükəsizlik üzrə məlumat dəstəyi göstərir və 26 ölkədə fəaliyyət göstərir.

Qurumun Burkina Fasodakı fəaliyyəti iyulun 31-də rəsmi olaraq 3 aylıq dayandırılıb. Ölkə rəsmiləri təşkilatı icazəsiz həssas məlumat toplamaqda ittiham edirlər.

Bildirilir ki, ötən həftə, Peqonun dörd burkinalı əməkdaşı da eyni qurum tərəfindən saxlanılıb. Fransa Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. INSO isə Peqonun sağlamlıq vəziyyətinin yaxşı olduğunu, lakin danışıqların məxfiliyinə görə əlavə məlumat vermədiyini bildirir.

Məlumata görə, Burkina Faso hakimiyyəti Peqonun rəhbərlik etdiyi təşkilatın cihadçı qruplarla ordu arasında baş verən silahlı toqquşmalarla bağlı məlumat toplamasını casusluq fəaliyyəti kimi qiymətləndirir.

Bu, ilk belə hadisə deyil. Keçən yay Burkina Fasoda Avstraliya mədən şirkətində işləyən başqa bir fransız da casusluqda ittiham olunaraq saxlanılmışdı və iki həftə sonra sərbəst buraxılmışdı. 2023–2024-cü illərdə isə Fransa kəşfiyyatının (DGSE) dörd agenti bir ildən çox müddətdə Uaqaduquda həbsdə saxlanılıb. Onlar təhlükəsizlik əməkdaşlığı çərçivəsində ölkədə olublar. Mərakeşin vasitəçiliyi ilə onların azadlığa buraxılması mümkün olub.

Regionda hərbi rejimlərin Fransaya qarşı artan siyasi təzyiqləri fonunda bu hadisələrin baş verməsi diqqət çəkir.

Xəbər lenti

Xəbər lenti