Bakı. Trend:
Pentaqon ABŞ-nin Kaliforniya ştatında yerləşən Kemp-Pendlton hərbi bazasındakı torpaq sahəsini icarəyə verməyin mümkünlüyünü nəzərdən keçirir. Söhbət ən müasir “Qızıl Qübbə” zenit-raket komplekslərinin maliyyələşməsi üçün həmin ərazinin kommersiya məqsədli istifadəyə verilməsindən gedir.
Trend xəbər verir ki, bu barədə NBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda bazanın ümumi sahəsinin dördə birindən az hissəsində infrastruktur və tikililər mövcuddur, bununla belə, hərbi qulluqçular onun tikililərin olmadığı ərazilərindən, o cümlədən, çimərliklər və səhralıq sahələrdən təlimlər məqsədilə aktiv şəkildə istifadə edir.
“Çox güman ki, icarəyə bazanın ətrafındakı müxtəlif sahələr veriləcək, bütövlükdə böyük bir ərazi yox. Pentaqon isə dəniz piyada qoşunlarının nadir hallarda istifadə etdiyi ərazilərə diqqətini cəmləyib”, – məlumatda qeyd olunur.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp “Qızıl qübbə” sisteminin işə salınma müddətlərini açıqlamışdı. O, bu sistemin artıq üç il ərzində istismara veriləcəyini vəd edib.