Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda:
• 4 körpü üzrə işlərin 90%-i,
• 1 körpü üzrə 80%-i,
• 2 qovşaq körpüsü üzrə 76%-i,
• 1 qovşaq körpüsü üzrə 45%-i,
• 1 qovşaq körpüsü üzrə isə 5%-i,
• 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə
yetirilib.
Eyni zamanda, yolun 3-cü və 19.5-ci km-lik hissəsində yerüstü piyada keçidlərinin tikintisi işləri davam etdirilir.
Layihə üzrə həmçinin:
• 12 ədəd düzbucaqlı keçidin,
• 28 ədəd dairəvi və müxtəlif diametrli borunun,
• drenaj quyularının, müxtəlif ölçülü drenaj borularının, eləcə də
yol boyunca ehtiyat keçid borularının quraşdırılması işləri
aparılır.
Hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, kommunikasiya xətlərinin köçürülməsi və digər zəruri tədbirlər həyata keçirilir.
Bundan başqa, layihə boyu:
• 9 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə,
yararsız qruntun yararlı materialla əvəzlənməsi),
• 7 km-lik hissədə yol geyiminin alt və üst laylarının tikintisi,
asfalt-beton örtüyünün döşənməsi və çiyinlərin bərkidilməsi işləri
tamamlanıb.
Eyni zamanda:
• yolun km 22.3–28.9-cu hissəsində, Ceyranbatan su anbarı
ərazisində təqribən 1 km torpaq yatağının tikintisi,
• M-1 avtomobil yolunun üzərində körpü,
• həmçinin avtomobil yolunun Xırdalan şəhəri ilə birləşən
hissəsində yol ötürücüsünün tikintisi üzrə işlər də aparılır.
Ümumilikdə, layihə üzrə fiziki tərəqqi təxminən 51% təşkil edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Tərtib edilmiş iş qrafikinə uyğun olaraq, layihənin vaxtında tamamlanması məqsədilə ərazi üzrə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub.
Yeni avtomobil yolunun inşası, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı-Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi ilə, həmçinin Bakı–Şamaxı–Yevlax avtomobil yolu vasitəsilə respublikamızın qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsinin qurulmasına imkan yaradacaq.