Bakı. Trend:
“Tesla” kompaniyası “Robotaxi” sifarişi üçün istifadə olunacaq tətbiqi geniş istifadəçilərə təqdim edib.
Trend xəbər verir ki, ABŞ-nin elektrik avtomobilləri istehsalçısı bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatının Ostin şəhərində işə salıb. Xidmət həmin dövrdən bəri yalnız məhdud sayda investorlar və inflüenserlər üçün əlçatan olub. Hazırda “Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi “Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom “Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanma mərhələsindədir.
“Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi” xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, hətta böyüklərin müşayiəti ilə olsa belə minməsinə icazə verilməyəcək.