Bakı. Trend:
Azərbaycanın dövlət neft şirkəti SOCAR hazırda Bolqarıstanda iki qazpaylama layihəsini həyata keçirir.
Bunu Trend-ə verdiyi özəl müsahibədə SOCAR-ın Balkanlardakı regional ofisinin rəhbəri Murad Heydərov bildirib.
O qeyd edib ki, SOCAR Bolqarıstana qazın əsas tədarükçüsüdür.
“Ötən il rekord göstəriciyə nail olmuşuq: ölkənin daxili qaz bazarında bizim payımız təqribən 60 faiz təşkil edib. Buna həm “Azerbaijan Gas Supply Company”, həm də SOCAR xətti ilə həyata keçirilən tədarüklər daxildir. Ümumilikdə Bolqarıstana tədarüklərin həcmi ötən il az qala 2 milyard kubmetr təşkil edib.
Təbii ki, Bolqarıstan bizim üçün xüsusi maraq kəsb edir. Birincisi, ölkə Yunanıstan-Bolqarıstan İnterkonnektor (IGB) xətti vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. İkincisi, coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində Bolqarıstan tranzit ölkə kimi çox vacib rol oynayır. Biz Bolqarıstan qaz nəqliyyat sistemindən qazımızı həm Balkan regionuna, həm də Şərqi Avropanın digər ölkələrinə çatdırmaq üçün istifadə edirik”, – deyə o bildirib.
M.Heydərov əlavə edib ki, şirkət, o cümlədən, Bolqarıstan ərazisi vasitəsilə tədarük coğrafiyasını genişləndirir. “Bizim "Bulgartansgaz" şirkəti ilə çox uğurlu əməkdaşlığımız var. Biz qazımızı, həmçinin, Balkan qaz habına da çatdırırıq. Bu hab qaz sektorunda çox stabil əməliyyat platforması kimi tanınıb”, – deyə o qeyd edib.
O vurğulayıb ki, SOCAR yalnız topdan qaz tədarükü ilə məhdudlaşmır, həm də birbaşa qaz istehlakçılarına yönəlir.
"Bu baxımdan, mən hazırda həyata keçirdiyimiz iki layihəni qeyd etmək istərdim. Birincisi – Panaqyurişte şəhərində qazpaylama şəbəkəsinin qurulmasıdır. Əslində, söhbət bu şəhərin və bölgədə fəaliyyət göstərən sənaye müəssisələrinin qazlaşdırılmasından gedir. Bizim tərəfdaşımız "Asarel Energy" şirkətidir – Avropanın ən iri mədənçilik şirkətlərindən biridir. Onların bu şəhərdə müvafiq infrastrukturu mövcuddur. "Asarel Energy" ilə birlikdə biz bu şəhərdəki bütün sənaye müəssisələrinə, o cümlədən, “Asarel Energy”nin müəssisələrinə və digər müştərilərə - buraya bələdiyyə təşkilatları və ev təsərrüfatları da daxildir - qaz tədarük edəcəyik”, - deyə o bildirib.
M.Heydərovun sözlərinə görə, digər qazpaylama layihəsi “hibrid qazlaşdırma” layihəsidir.
“Bu layihə ölkənin "Bulgartansgaz" şəbəkəsi ilə əlaqəsi olmayan regionlara qazın çatdırılmasını nəzərdə tutur. Məlumdur ki, Bolqarıstan Avropa İttifaqında qazlaşdırma göstəricisi çox aşağı olan ölkələrdəndir. Orada hələ "Bulgartansgaz" şəbəkəsinin çatmadığı ucqar bölgələr mövcuddur. Buna görə də sıxılmış qaz (CNG) xüsusi nəqliyyat vasitələri ilə bu bölgələrə çatdırılır.
Hazırda bu layihəni "M-Gaz" şirkəti ilə birgə həyata keçiririk. Bizim kifayət qədər ambisiyalı planlarımız var. Əgər bu planlar gerçəkləşərsə, Bolqarıstanda qazpaylama üzrə ikinci yerə çıxa bilərik. SOCAR – Bolqarıstanda topdan qaz tədarükçüləri arasında birincidir və yaxın iki il ərzində qazpaylama sahəsində ikinci yerə yüksəlməyi planlaşdırır”, - deyə o bildirib.
SOCAR Balkan rəhbəri, həmçinin, şirkətin Bolqarıstanda neft məhsulları bazarındakı kommersiya mövqelərinin genişləndirilməsinin də vacib istiqamət olduğunu qeyd edib.
“Bu kifayət qədər mürəkkəb vəzifədir, çünki burada "LUKOIL" şirkətinin neft emalı zavodu fəaliyyət göstərir və böyük rəqabət mövcuddur. Buna baxmayaraq, müəyyən perspektivlər var. Biz bunun üzərində işləyirik və müəyyən nəticələr əldə etmişik. Ona görə də neft məhsulları bazarında mövqelərin genişləndirilməsi işimizin ciddi istiqamətlərindən biridir”, - deyə M.Heydərov əlavə edib.