Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və
bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər
naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 3-4-də Naftalan
Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Trend bu barədə
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, nazir əvvəlcə Naftalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra rayon polis şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər, eləcə də digər şəhər və rayonlardan gələn 172 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib. Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.