Bakı. Trend:
31 avqust – 3 sentyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Go Camp Volunteers” proqramı çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquq və Dövlət” Könüllülər Düşərgəsi uğurla həyata keçirilib.
Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Dörd gün davam edən düşərgə çərçivəsində könüllü gənclər üçün müxtəlif mövzular üzrə təlim və panel görüşlər təşkil olunub. Düşərgə iştirakçıları “Hüquq sistemində gənclərin rolu”, “Kütlə qarşısında çıxış və təqdimat bacarıqları” və “İnandırma və manipulyasiya texnikaları” mövzularında interaktiv çıxışlar və müzakirələrdə fəal iştirak ediblər. Bu sessiyalar gənclərin həm hüquqi biliklərini genişləndirmək, həm də şəxsi inkişaf bacarıqlarını gücləndirmək baxımından əhəmiyyətli rol oynayıb.
Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli təşkili də diqqət mərkəzində olub. İştirakçılar üçün müxtəlif komanda oyunları, “Suveren” intellektual yarışı, film saatı, eləcə də gənclərin hüquq sistemini yaxından tanıması məqsədilə “Məhkəmə simulyasiyası: Cinayət işi” adlı simulyativ oyunu keçirilib.
Düşərgənin son günü isə yaradıcılıq və birlik ab-havası ilə yadda qalıb. İştirakçılar “İstedadSən” yaradıcılıq yarışmasında öz bacarıqlarını nümayiş etdirib, daha sonra isə tonqal ətrafında bir araya gələrək düşərgənin son anlarını paylaşma fürsəti əldə ediblər.
“Hüquq və Dövlət” Könüllülər Düşərgəsi Azərbaycan Könüllüləri üçün hüquq və dövlətçilik mövzularında biliklərini artırmaq, ictimai çıxış və komanda işi bacarıqlarını inkişaf etdirmək, yaradıcı potensiallarını üzə çıxarmaq və könüllülük dəyərlərinə bağlılıqlarını gücləndirmək baxımından mühüm bir göstərici olub.