Bakı. Trend:
Niderlandın "ING" bank qrupu Azərbaycanda növbəti illər üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.
Trend xəbər verir ki, sənədə əsasən, ölkə iqtisadiyyatının 2025 və 2026-cı illərdə 2,5 faiz artacağı, 2027-ci ildə isə artım tempinin 2 faizə enəcəyi gözlənilir.
Rüblük əsasda, ING-nin hesablamalarına görə, Azərbaycanın ÜDM artımı 2025-ci ilin üçüncü rübündə 2,5 faiz, dördüncü rübdə isə 4 faizə yüksələcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard manatdan çox ÜDM istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,9 faiz artıb.
ÜDM-in istehsalı: 36,2%-i sənaye, 9,9%-i ticarət; avtonəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 21,7 faizi digər sənaye sahələri; məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ni təşkil edib. Adambaşına düşən ÜDM 4896,1 manat olub.