...

Qlobal ÜDM-in 14 trilyon dolları rəqəmsal xidmətlərə bağlıdır - Bill Pauçer

İqtisadiyyat Materials 4 Sentyabr 2025 14:48 (UTC +04:00)
Qlobal ÜDM-in 14 trilyon dolları rəqəmsal xidmətlərə bağlıdır - Bill Pauçer
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnsanlara dəstək olmaq və onları qonşularına fayda gətirəcək sistemlər qurmağa hazırlamaq bizim işimizdir.

Trend xəbər verir ki, bunu ICPC Fondunun prezidenti Bill Pauçer Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun bir hissəsi də onlara xatırlatmaqdır ki, səkkiz milyard qonşuları var:

"Bu isə çox böyük imtiyazdır. Burada, Bakıda olmaq – necə möhtəşəm, necə gözəl şəhərdir. Qonaqpərvərlik heyrətamizdir, şəhəri dəstəkləyən texnologiyalar da möhtəşəmdir. Biz indi Xəzər dənizinin sahilindəyik. Bir çoxumuz üçün bura sadəcə xəritədə dünyanın o biri tərəfində bir nöqtə idi. Amma əlbəttə ki, biz xəritənin o biri tərəfində deyilik"

B.Pauçer ev sahibliyi edən təşkilatlara təşəkkür edib:

"ADA Universiteti – ICPC-də yüksək nüfuza malik aparıcı universitetdir. Əgər sıralamaya baxsanız, 139 komandanın adını görəcəksiniz. 93 ölkədən 3 300-dən çox universiteti təmsil edən 63 min tələbə region çempionatlarında iştirak edib, buraya qədər gəlib. ADA Universiteti onlardan biridir və ölkənizdən başqa universitetlər də buradadır.

Xüsusilə Azərbaycan Mərkəzi Bankına təşəkkür etmək istəyirəm. Bu qurum bizneslərin və bir neçə ölkənin vətəndaşlarının maraqlarına xidmət edən rəqəmsal bankçılıq xidmətidir. Əlbəttə, mən əminəm ki, Azərbaycanda bank işini tənzimləyən qurumlar da buradadır. Bir cəmiyyətin və ya ölkənin işlərini səliqəli və nizamlı aparmaqdan daha vacib nə ola bilər ki? Mən başqa heç nə təsəvvür edə bilmirəm. Onlar isə bunu təmin edirlər.

Azərbaycandakı ICPC icmasına təşəkkür etmək istəyirəm. Çünki ICPC qlobal icmadır və o, aşağıdan-yuxarıya təşəkkül tapır. Azərbaycandakı ICPC icması da iki onillik bundan əvvəl digərləri kimi öz-özünə formalaşıb. Həmin vaxt tələbə olan o gənc ulduzlardan bəziləri bu gün bank sisteminin işləməsini təmin edirlər".

"Biz indi rəqəmsal dünyada yaşayırıq. Mən yalnız bir yerdə fiziki olaraq ola bilərəm, amma qəlbim və beynim məni qəbul edən və dəvət edən insanların yanında ola bilər. Bu isə yaşadığımız çox möhtəşəm bir dünyadır.
Biz rəqəmsal dövrün birinci əsrindəyik. Mən buna “rəqəmsal Renessans” deyirəm. Baxın, nələr baş verib. Kiçik bir araşdırma etdim və gördüm ki, bizim ÜDM-dən 14 trilyon dolları rəqəmsal xidmətlərdən tamamilə asılı olan şirkətlərin payına düşür. Bir neçə il əvvəl mən bunu “rəqəmsal minillik” adlandırmışdım. Minillik min il deməkdir. Mən əslində düşünürəm ki, innovasiyalar, həqiqətən də, min il davam edəcək", - deyə B.Pauçer qeyd edib.

Xəbər lenti

Xəbər lenti