Bakı. Trend:
Biz Bakıda keçirilən 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalında tələbələrlə işləməkdən çox məmnunuq.
Bunu “OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninejad ICPC Dünya Finalı 2025 kuluarlarında Trend-ə açıqlamasında deyib.
O bildirib ki, tədbirdə çox ağıllı tələbələr, həmçinin, bir çox "OpenAI" beynəlxalq iştirakçıları da iştirak edir:
"Biz tələbələri, o cümlədən, Azərbaycandan olan ən istedadlı tələbələri də işə cəlb etməyə çalışırıq, çünki onlar dünyanın ən istedadlılarından sayılır. Ümid edirik ki, bunlardan bəziləri gələcəkdə təcrübə proqramlarına, tam zamanlı iş imkanlarına qoşulacaq, sonra isə bəlkə, öz şirkətlərini burada quraraq ekosistemi inkişaf etdirəcəklər.
Gördüyümüz odur ki, fərqli etnik mənşə və mədəniyyətlərdən olan tələbələr ABŞ-yə gəlib işlədikdə, bacarıqlarını inkişaf etdirir və sonra evlərinə qayıdaraq oradakı ekosistemi gücləndirirlər. Bu, çox müsbət bir ekosistemdir. Buna görə də biz bundan çox həyəcanlanırıq".
Tədqiqatçı vurğulayıb ki, "OpenAI" olaraq edə biləcəkləri ən yaxşı işlərdən biri, ən ağıllı və bacarıqlı tələbələri şirkətlərinə cəlb etməkdir:
"Çünki məncə, ən yaxşı təlim yollarından biri işləməklə öyrənməkdir".
"Biz şirkət olaraq günəş, külək və bir çox bərpa olunan nüvə enerjisi texnologiyalarının inkişafına ciddi şəkildə investisiya edirik, çünki kifayət qədər enerji mövcud deyil.
Biz milyonlarla GPU (Graphics Processing Unit) qurmağa çalışırıq və bu, giqavatlarla enerji tələb edir. Ona görə də yeni günəş texnologiyaları və yeni nüvə texnologiyaları ilə işləyən şirkətlərlə əməkdaşlıq etməyə çalışırıq. Bizim qurucumuz Sam Altman nüvə füzyonuna da bir çox investisiya qoyub.
Şəxsi olaraq Azərbaycanda bərpa olunan enerji sektoru barədə çox məlumatım yoxdur, amma əminəm ki, əgər onlar bu sahədə işləyirlərsə, AI texnologiyalarından bu sektorda da istifadə edə bilərlər", - deyə Mostafa Rohaninejad fikrini yekunlaşdırıb.