Bakı. Trend:
Vaşinqtonun Latın Amerikası kartellərinə qarşı mübarizəsini gücləndirməsi və Venesuela ilə münasibətlərin gərginləşməsi fonunda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində mövcudluğunu artırıb.
Trend xəbər verir ki, bu barədə Newsweek peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, bölgəyə gəmilərin toplaşmasına avqust ayından başlanılıb. Daha əvvəl azı 8 gəmi və 1 sualtı qayığın cəlb olunduğu bildirilirdi.
Peyk görüntülərində Panama sahillərində idarə olunan raket sistemi ilə təchiz olunmuş "USS Sampson" esminesi, "USS Gravely" və "USS Jason Dunham" esminesləri, həmçinin "USS Minneapolis-St. Paul" sahil zonası gəmisi qeydə alınıb. Puerto Rikonun cənubunda isə "Iwo Jima" universal desant gəmisi, "USS San Antonio" desant nəqliyyat-doku və "USS Fort Lauderdale" desant-helikopter gəmi-doku yerləşdirilib.
Bundan əlavə, bölgədə "P-8A Poseidon" sualtı gəmi əleyhinə təyyarəsi və "Boeing C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi də müşahidə olunub.
Həmçinin "USS Newport News" çoxfunksiyalı atom sualtı qayığının regionda olduğu bildirilir, lakin onun dəqiq mövqeyi açıqlanmayıb.