Bakı. Trend:
“Uzbekneftqaz” səhmdar cəmiyyəti və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərləri danışıqlar keçirərək, Məhsul Pay Bölgüsü haqda Sazişin icrasının gedişatını, Üstyurt bölgəsindəki bloklarda geokəşfiyyat işlərinin başlanılması və əməliyyatçı şirkətin yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.
Trend bu barədə “Uzbekneftqz” SC-yə istinadən xəbər verir.
Tərəflər layihənin texniki aspektlərini nəzərdən keçirib və təşkilati prosedurların sürətləndirilməsi barədə razılığa gəliblər. Danışıqların nəticəsi olaraq, sentyabr ayında əməliyyatçı şirkətin qeydiyyat prosesinin başa çatdırılması, seysmik kəşfiyyat işlərinin yeni müddətlərinin müəyyənləşdirilməsi və layihənin ekoloji qiymətləndirilməsi prosedurlarına başlanılması barədə razılaşma əldə olunub.
Görüş iştirakçıları əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb və birgə fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistan Energetika Nazirliyi, SOCAR və “Uzbekneftgaz” SC Üstyurt neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyatın aparılmasını və sonrakı mərhələdə karbohidrogenlərin hasilatını nəzərdə tutan Məhsul Pay Bölgüsü haqda Sazişi imzalayıblar.