...

“McLaren”in dəyəri 3,5 milyard funt-sterlinqə yüksəlib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 04:52 (UTC +04:00)
“McLaren”in dəyəri 3,5 milyard funt-sterlinqə yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“McLaren” komandasına sahib olan “McLaren Group”un dəyəri hazırda təxminən 3,5 milyard funt-sterlinq təşkil edir.

Trend xəbər verir ki, son beş ildə şirkətin bazar dəyəri altı dəfədən çox artıb. Bu yüksəliş “McLaren Group”un səhmdar strukturunda baş verən dəyişikliklərlə əlaqələndirilir.

2020-ci ildə şirkətin 33 faiz payını Amerikanın “MSP Capital” fondu 185 milyon funt ödəyərək əldə etmişdi. Lakin indi həmin pay Bəhreynin dövlət investisiya fondu “Mumtalakat” və Əbu-Dabiyə məxsus “CYVN Holdings” tərəfindən satın alınıb. Əgər beş il əvvəl “McLaren Racing” 560 milyon funt dəyərində qiymətləndirilirdisə, indi bu rəqəm 3,5 milyard funtdur.

Keçən ilə qədər nəzarət paketi “Mumtalakat” fonduna məxsus olub. 2024-cü ilin dekabrında fond bütün paylarını “CYVN Holdings”ə satıb.

Komandanın rəhbəri Zak Braun BBC Sporta açıqlamasında bildirib: “Bu, "McLaren Racing" üçün möhtəşəm gündür. Bir vaxtlar biznesimiz risk altında idi və rəqabətədavamlı deyildik. Amma indi, beş ildən sonra həm “Formula 1”də büdcə məhdudiyyətlərinin uğuru, həm də yenidən rəqabətədavamlı səviyyəyə qayıtmağımız bunun göstəricisidir. McLaren-in yenidən qələbələr uğrunda mübarizə aparması sevindiricidir və səhmdar strukturunun sadələşməsi də əla oldu”.

Qeyd edək ki, ötən il “McLaren” 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunu qazanıb. Hazırda komanda həm pilotlar, həm də komandalar üzrə dünya çempionatında liderliyə yaxınlaşır. Onun sürücüləri Oskar Piastri və Lando Norris komanda hesabında ilk iki yeri tutur və builki 15 yarışdan 12-də qalib gəliblər.

“McLaren Racing” “McLaren Group”un tərkibinə daxildir. “Mumtalakat” və “CYVN Holdings”in bütün səhmləri əldə etməsi barədə rəsmi açıqlama çərşənbə axşamı verilib.

Xəbər lenti

Xəbər lenti