...

“Azərxalça” ASC-nin xalçaları dünyanın ən müasir və təlabat duyulan xalçaları sırasında təqdim olundu (FOTO/VİDEO)

Cəmiyyət Materials 5 Sentyabr 2025 13:21 (UTC +04:00)
“Azərxalça” ASC-nin xalçaları dünyanın ən müasir və təlabat duyulan xalçaları sırasında təqdim olundu (FOTO/VİDEO)

Bakı. Trend:

Dünyaca məhşur, interyer üçün əl istehsalı xalça və tekstil məhsullarında ən son beynəlxalq tendensiya və yeniliklərə həsr olunmuş, İngiltərədə nəşr olunan “COVER” jurnalının bu ilki yeni nəşrində “Azərxalça” ASC-nin müasir xalçaları da yerini aldı. Xalça yaradıcılığı ilə yanaşı incəsənət sahəsində aparıcı nəşr hesab olunan “COVER”in hər buraxılışı saysız-hesabsız interyer dizaynerlər, böyük brendlər və bu sahənin əsas oyunçuları tərəfindən izlənilir. Qeyd edək ki, nəşirin buraxılışında xalçalarla yanaşı may ayında Bakıda təşkil olunmuş Beynəlxalq Xalça festivalı haqqında da geniş məlumat yayımlanıb.

Azərbaycanın ən böyük xalça istehsalçısı hesab olunan “Azərxalça” ASC- də artıq bir neçə ildir ki, ənənəvi xalçalarla yanaşı müasir dizaynda da xalçaların istehsalı davam edir. Müasir xalçaların əksəriyyəti müxtəlif istedadlı rəssam, dizayner və yaradıcı insanlarla ortaq əməyin nəticəsidir. Bu sıradan Aydan Salahova ilə ortaq “Qadın” və “Memarlığın yaddaşı”, rəssam Samirə Allahverdiyeva ilə birgə “Bağçada meyvələr” və “Nar və əncirin simfoniyası” məhdud saylı kolleksiyalarını misal göstərmək olar. Hər kolleksiyaya daxil olan xalçalar Azərbaycanla yanaşı dünyanın müxtəlif şəhərlərində sərgilərdə böyük marağa səbəb olub, uğurla satışı təşkil olunub.

Xalçaların istehsalı və satışı ilə yanaşı “Azərxalça” ASC- nin milli mənəvi sərvətimiz hesab olan xalçaçılıq sənətinin həm ölkəmizdə, həm də ölkə sərhəddindən xaricdə təbliğat və təşviqat fəaliyyəti də davam edir. Artıq 2025- ci ilin ilk aylarından etibarən Cəmiyyətin Praqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” ASC və “Halama” Çex Kristal şirkətinin təşkilatçılığı ilə “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” sərgisi, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi, “Azərxalça” ASC və Kişineu Milli Tarixi Muzeyinin təşkilatçılığı ilə “Gözəlliyin harmoniyası. Azərbaycan xalçalarının zamansız zərifliyi” sərgisi, Azərbaycanın Niderland Krallığındakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Haaqada “Azərbaycan xalçalarının möhtəşəmliyi: sənət vasitəsilə öyrənmək” sərgisi təşkil olunmuşdur.

“Azərxalça” ASC-nin 2024-cü il üzrə maliyyə-iqtisadi göstəriciləri də müəssisənin fəaliyyətində sabit inkişaf və müsbət dinamikanın müşahidə olunduğunu göstərir.

2023-cü illə müqayisədə xalça satışında 26 % artım qeydə alınmışdır. Bu nəticə həm məhsul istehsalının səmərəliliyinin yüksəldiyini, həm də bazarda satış imkanlarının genişləndiyini nümayiş etdirir. Müəssisənin ixrac potensialının gücləndirilməsi və daxili bazarda mövqelərin möhkəmləndirilməsi bu artımın əsas amillərindəndir. Son illər “Azərxalça” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri olan ipək xalça istehsalında da nəzərəçarpacaq inkişaf müşahidə olunmuşdur. 2023-cü illə müqayisədə 2024-cü ildə ipək xalça istehsalı 180 % cox artmışdır. Lüks seqment olan ipək xalçaların hər m²-nin orta satış qiyməti 3500 manata yaxın olmasına baxmayaraq, istehsal olunmuş məhsulun 90 %-dək satılmışdır.

2024-cü ildə gəlirlərin artımı, xərclərin optimallaşması, istehsal həcmlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi və satışın müsbət dinamikası “Azərxalça” ASC dayanaqlı inkişafının təsdiqi olmuşdur.

2025-ci ilin ilk altı ayı üzrə mövcud proqnozlar da müsbət qiymətləndirilir. İlin birinci yarısında əldə olunmuş nəticələr müəssisədə pozitiv proseslərin davam etməsini göstərir. Bu isə “Azərxalça” ASC-nin qarşıya qoyduğu strateji hədəflərə uyğun olaraq, istehsalın artırılması, ixrac imkanlarının genişləndirilməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların düzgünlüyünü bir daha təsdiqləyir.

Bütün əldə olunan uğurlar idarəetmədə tətbiq olunan səmərəli qərarların, resurslardan rasional istifadənin və xərclərin optimallaşdırılması üzrə aparılan tədbirlərin nəticəsi olmuş, müəssisənin maliyyə dayanıqlığının möhkəmləndirilməsinə mühüm töhfə vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti