Bakı. Trend:
Hindistanın Pəncab əyalətində baş verən daşqınlar nəticəsində 43 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Press Trust of India məlumat yayıb.
Hindistanın kənd təsərrüfatı naziri Şivraj Sinqx Çauxan ştatın daşqından zərər çəkmiş ərazilərinə baş çəkərək, insanlara hərtərəfli dəstək verəcəyinə söz verib. ANI-nin məlumatına görə, Pəncabda daşqınlara güclü yağışlar səbəb olub və fəlakət təxminən 1 655 kəndi əhatə edib. Ən çox ziyan Gurdaspur rayonunda olub, burada 324 kənd su altında qalıb. Firozpur, Amritsar, Hoşiarpur, Kapurtala və Sanqrur da təbii fəlakətdən əziyyət çəkib. Təxminən 175,2 min hektar kənd təsərrüfatı sahəsi ziyan görüb.
Ümumilikdə 19 mindən çox insan təxliyə olunub. Hazırda 167 müvəqqəti yaşayış düşərgəsi fəaliyyət göstərir, onlardan 29-u Barnala şəhərində yerləşir. Pəncab polisi su basmış kəndlərə yardım ləvazimatlarını çatdırmaq üçün dronlardan istifadə edir və əyalət boyu xilasetmə əməliyyatları davam etdirilir.