...

Avropa İttifaqının xarici sərhədlərində gücləndirilmiş nəzarət tətbiq ediləcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 14:08 (UTC +04:00)
Avropa İttifaqının xarici sərhədlərində gücləndirilmiş nəzarət tətbiq ediləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı oktyabrın 12-dən etibarən vahid sərhəd nəzarəti sistemi – Entry/Exit System çərçivəsində xarici sərhədlərə nəzarətini gücləndirəcək.

Trend xəbər verir ki, bu barədə “Yle” teleradio kompaniyası məlumat yayıb.

Məlumata görə, Avropa aeroportlarında barmaq izlərinin və üztanıma görüntülərinin toplanması ilə bağlı genişmiqyaslı layihəyə başlanılacaq. Yeni sistem əsasən saxta pasportlardan istifadə edən şəxslərin, eləcə də Avropa İttifaqında müəyyən olunmuş müddətdən artıq qalanların aşkar edilməsinə yönəlib.

Artıq on ildən çoxdur ki, hazırlanan, lakin texniki səbəblərə görə dəfələrlə təxirə salınan Avropanın yeni sərhəd nəzarəti sisteminin tətbiq tarixi artıq rəsmən açıqlanıb. Sistem 2025-ci il oktyabrın 12-də işə salınacaq.

Yeni qaydalara əsasən, Şengen zonası sərhədini ilk dəfə keçən üçüncü ölkə vətəndaşlarının barmaq izləri, üz görüntüləri və digər məlumatları ümum-Avropa reyestrində saxlanılacaq. Növbəti səfərlərdə həmin şəxslər sərhədi avtomatlaşdırılmış nəzarət məntəqələri vasitəsilə, pasport nəzarətçisi ilə ünsiyyət qurmadan keçə biləcəklər. Pasportlara möhür vurulması isə tamamilə ləğv ediləcək.

Yeni sistemin tətbiqi üçün altıaylıq keçid dövrü nəzərdə tutulub. Bu müddət ərzində mövcud sərhəd nəzarəti paralel şəkildə davam etdiriləcək. İlk mərhələdə ildə 200–300 milyon keçidi emal edə bilən sistem Avropa İttifaqının bir neçə sərhəd-keçid məntəqəsində sınaqdan keçiriləcək.

Reyestrdə toplanan məlumatlara miqrasiya orqanları, polis, təhlükəsizlik və kəşfiyyat xidmətləri, həmçinin Finlandiya Müdafiə Qüvvələri giriş imkanı əldə edəcək.

Yeni sistemin tətbiqi Avropa İttifaqının daxili təhlükəsizliyinin gücləndirilməsi və qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti