Bakı. Trend:
Bu gün BMT-nin Əsas Məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 33 il keçir. BAMF 1992-ci il sentyabrın 4-də müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq dövlət qeydiyyatına alınıb.
Trend
xəbər verir ki, BAMF media və vətəndaş cəmiyyətinin inkişafı,
sülhməramlı aksiyalar və münaqişələrin həlli, qaçqın və məcburi
köçkünlərlə iş, icmaların inkişafı və təhsil istiqamətlərində
fəaliyyət göstərir. 1992-ci ildən fəaliyyət göstərən Fond medianın
inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına və
informasiya şəffaflığının təşviqinə mühüm töhfələr verib.
Təşkilat öz statusundan istifadə edərək müxtəlif istiqamətlərdə,
xüsusilə, Azərbaycanın tarixi reallıqlarının çatdırılması ilə bağlı
BMT-nin Cenevrə, Nyu York, Vyana ofislərində və digər nüfuzlu
beynəlxalq auditoriyalarda mütəmadi olaraq silsilə tədbirlər,
paralel sessiyalar keçirir. BAMF-ın 33 illik fəaliyyətinin əsas
hissəsi müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş regionlara
səfirlərin, xarici diplomatların, jurnalistlərin, tələbələrin
səfərlərinin təşkili, orada yaşayan qaçqın və məcburi köçkünlərin
diqqətdə saxlanılması, sosial-humanitar layihələrin icrası və s.
olmuşdur.
BAMF BMT qurumları, Avropa Komissiyası, Amerikanın Dövlət Departamenti, Dünya Bankı, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Mətbuat İnstitutu (BMİ), Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası kimi beynəlxalq nüfuzlu təşkilatlarla, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.