Bakı. Trend:
İsrail Azərbaycan Dövlət Neft Şitkətinin (SOCAR) qaz kəşfiyyatı işlərində iştirakını genişləndirəcəyinə ümid edirik.
Bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus deyib.
O qeyd edib ki, enerji iki ölkə arasındakı münasibətlərdə çox vacib yer tutur.
“Uzun illərdir ki, İsrail Azərbaycandan böyük həcmlərdə neft alır. Biz bu sahədə İsraillə Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsini yüksək qiymətləndiririk. Düşünürəm ki, bu, mütləq gələcəkdə də davam edəcək, belə ki, bu, hər iki ölkənin maraqlarına cavab verir”, - deyə səfir qeyd edib.
Kraus 2025-ci ilin əvvəlində SOCAR-ın “Tamar” yatağında 10 faizlik pay alması ilə İsrailin qaz bazarına çıxışını yüksək qiymətləndirib və bildirib ki, bu SOCAR-ın Azərbaycan hüdudlarından kənarda bağladığı ilk belə sövdələşmə olub.
“Biz məhz İsrailin bu istiqamətdə ilk ölkə olduğu ilə böyük qürur duyuruq. Biz, həmçinin, SOCAR-ın qaz kəşfiyyatında iştirakının daha da genişlənəcəyinə ümid edirik. Şirkət Aralıq dənizinin şimal hissəsində qaz sahəsində geoloji-kəşfiyyat işlərinin aparılması üçün keçirilən tenderdə də qalib gəlib. Ümidvarıq bu layihə uğurlu olacaq və enerji sahəsində əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq”, - o əlavə edib.
Müsahibənin tam versiyası sabah dərc olunacaq.