Bakı. Trend:
Qazaxıstan Respublikasının Almatı şəhərində “KazBuild 2025” – 31-ci Qazaxıstan Beynəlxalq Tikinti və İnteryer Sərgisi keçirilir.
Trend xəbər verir ki, üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 8 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir.
Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.
Qeyd edək ki, “Made in Azerbaijan” stendi sərginin təşkilatçıları tərəfindən “Ən yaxşı kollektiv ekspozisiya” nominasiyası üzrə qalib elan edilib.